Hörmətli oxucular qadınlara verilən diqqət təkcə 8 martla yekunlaşmır. Belə ki, dünyanın bir çox ölkələrində müxtəlif vaxtlarda qeyd olunan Analar günü bayramı var. Avstraliya, Belçika, Danimarka, İtaliya, Türkiyə, Finlandiya, ABŞ və Yaponiyada Analar günü mayın ikinci bazar gününə düşür. Hindistanda oktyabrın əvvəllərində on əli olan Durqa adlı ana-ilahənin şərəfinə on günlük Durqa Puca bayramı keçirilir. İspaniya və Portuqaliyada anaları dekabrın 8-də, Fransa və İsveçdə isə mayın sonuncu bazar günündə təbrik edirlər. Amma analar günü ən orijinal şəkildə Serbiyada qeyd edilir. Miladdan 2 həftə əvvəl qeyd olunan həmin bayram günündə sübh tezdən uşaqlar analarının yatağına yaxınlaşıb onu çarpayıya bağlayırlar. Ana əsirlikdən qurtulmaq üçün bir gün əvvəldən balışının altında hazır qoyduğu hədiyyələri balaca "quldurlar"a verməli olur. 8 Martın beynəlxalq qadınlar günü elan edilməsi haqda qərar 1910-cu ildə, sosialist qadınların Konpenhagendə keçirilən ikinci beynəlxalq konfransında qəbul edilib. Bayram ilk dəfə 1911-ci ildə ABŞ-da və bir sıra Avropa ölkələrində qeyd olunub. 8 mart 1966-cı ildə SSRİ rəhbəri Leonid Brejnevin sərəncamı ilə qeyri-iş günü və dövlət səviyyəli bayram elan edilib.